2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən başlayaraq ağır məğlubiyyətə uğrayan ermənilər təxribatlara əl atdılar.

Ermənistanın siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutdular.


Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə məruz qalan rayonlarımızdan biri də cəbhə bölgəsinin yaxınlığında yerləşən Goranboy rayonudur.

Oktyabrın 5-də düşmənin Goranboy rayonunun yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması səbəbindən yaşadığı evə top mərmisinin düşməsi nəticəsində Qızılhacılı kənd sakini 1955-ci il təvəllüdlü Abbasova Raziyə Bayraməli qızı həlak olub, eyni zamanda, top mərmisinin düşdüyü başqa bir yaşayış evinin sakinləri 1958-ci il təvəllüdlü Həsənov Məşdi İbrahim oğlu, sonuncunun qızı 1984-cü il təvəllüdlü Sevinc Həsənova və azyaşlı nəvəsi 2011-ci il təvəllüdlü Həsənov Elcan Elgün oğlu, boş sahəyə düşmüş top mərmisinin qəlpələrindən 1969-cu il təvəllüdlü Ələkbərov Rasim Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Oktyabrın 6-da dinc sakinləri hədəfə alan Ermənistan ordusunun "Smerç" reaktiv yaylım atəşi sistemindən atdığı raket Goranboy rayonu ərazisinə düşüb. Raket başlığının partlaması nəticəsində onun içərisində olan bombletlər 200 metr radiusda səpələnib. Xoşbəxtlikdən raket boş əraziyə düşdüyü üçün insan tələfatı qeydə alınmayıb.

Oktyabrın 8-də Ermənistan silahlı qüvvələrinin Goranboy rayonunun Şahməmmədli kəndi istiqamətində atəş açması nəticəsində 1957-ci il təvəllüdlü kənd sakini Quliyeva Turyan Tofiq qızı yaşadığı evdə həlak olub.

Oktyabrın 25-də düşmən Goranboy rayonunun dinc sakinlərin yaşadığı Meşəli kəndinə qadağan olunmuş kaset başlıqlı raket atıb. Raket boş əraziyə düşdüyündən ölən və yaralanan olmayıb.
Oktyabrın 29-da səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən yenidən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

Ümumiyyətlə, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Goranboy rayonunu mütəmadi olaraq müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutmaqda davam edib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq dinc sakinlərin yaşadığı Gəncə, Bərdə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlərdən və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12.292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1.018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub.

Ermənistanın hərbi qüvvələrinin müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atması, ağır artilleriya zərbələri endirməsi nəticəsində mülki insanları qətlə yetirməsi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

İnanırıq ki, tezliklə ədalət bərqərar olacaq və erməni cəlladları Gəncədə və digər şəhər və rayonlarımızda mülki əhaliyə qarşı törətdikləri dəhşətli qırğınlara görə layiqli cəzalarını alacaqlar.

Goranboyda erməni terrorunun qurbanları:
Mənbə: Azərbaycan Respublikasının Baş Prokurorluğu

7 oktyabr 2021-ci il


Oxumağı tövsiyə edirik: