Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində həlak olan mülki qurbanların xatirəsinə həsr olunan "Karabakhmemorial.com" layihəsi ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın olduğu, Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılan "
Karabakh.Center" layihəsi çərçivəsində yaradılıb.
"Karabakhmemorial.com" İnternet-resursunun yaradılmasında əsas məqsəd Vətən müharibəsi zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaqdır.
27 sentyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər nəticəsində 93 nəfər, o cümlədən 12 azyaşlı və 27 qadın həlak olub, 454 nəfər isə yaralanıb.
Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının rayon və şəhərlərinin ərazisinə ümumilikdə 30 minə yaxın mərmi və 227 raket atılıb, çoxsaylı əmlaka ziyan vurulmaqla, fərdi yaşayış evləri, yardımçı tikililər, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri, ayrı-ayrı dövlət qurumlarına məxsus inzibati binalar, dini obyekt, məscid, kilsə və qəbiristanlıqlar dağıdılıb.