2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən başlayaraq ağır məğlubiyyətə uğrayan ermənilər təxribatlara əl atdılar.

Ermənistanın siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutdular.


Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə məruz qalan rayonlarımızdan biri də cəbhə bölgəsinin yaxınlığında yerləşən Beyləqan rayonudur.

İşğalçı ölkənin silahlı qüvvələrinin oktyabrın 3-də saat 19 radələrində Beyləqan şəhərinin müxtəlif istiqamətlərində dinc əhalinin yaşayış evlərini növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində şəhər sakinləri 1976-cı il təvəllüdlü İsmayılova Zülfiyyə İsgəndər qızı və bacısı 1998-ci il təvəllüdlü Əsədova Arzu İsgəndər qızı yaşadıqları evə çoxsaylı top mərmilərinin düşməsi nəticəsində dağıntılar altında qalaraq həlak olublar, eyni zamanda şəhərin müxtəlif yerlərinə düşmüş top mərmilərinin qəlpələrindən 1982-ci il təvəllüdlü Balakişiyev Etibar Təvəkkül oğlu, 1969-cu il təvəllüdlü Bəşirova Sevda Yaşar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdiriliblər, çoxsaylı yaşayış evlərinə külli miqdarda ziyan dəyib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 , 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 186.3-cü (əmlakı qəsdən məhv etmə və ya zədələmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Düşmən növbəti günlərdə də Beyləqanı bombalamaqda davam edib. İnsan tələfatı olmasa da rayonun təsərrüfatına, yaşayış binalarına ciddi ziyan dəyib. Ümumilikdə Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttindən uzaqda yerləşən Beyləqan şəhərinin raket atəşinə tutması nəticəsində 9 ev dağılıb, 50-dən çox tikiliyə zərər dəyib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq dinc sakinlərin yaşadığı Gəncə, Bərdə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlərdən və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12.292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1.018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub.

Ermənistanın hərbi qüvvələrinin müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atması, ağır artilleriya zərbələri endirməsi nəticəsində mülki insanları qətlə yetirməsi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

İnanırıq ki, tezliklə ədalət bərqərar olacaq və erməni cəlladları Gəncədə və digər şəhər və rayonlarımızda mülki əhaliyə qarşı törətdikləri dəhşətli qırğınlara görə layiqli cəzalarını alacaqlar.

Beyləqanda erməni terrorunun qurbanları:
Mənbə: Azərbaycan Respublikasının Baş Prokurorluğu

7 oktyabr 2021-ci il


Oxumağı tövsiyə edirik: