2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən başlayaraq ağır məğlubiyyətə uğrayan ermənilər təxribatlara əl atdılar.

Ermənistanın siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutdular.


Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə məruz qalan rayonlarımızdan biri də cəbhə bölgəsinin yaxınlığında yerləşən Ağdam rayonudur.

Düşmənin Ağdama insan tələfatı ilə nəticələnən ilk hücumu Vətən müharibəsinin ikinci günündə - sentyabrın 28-də baş verib. Belə ki, həmin gün düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə qrad qurğularından atəşə tutması nəticəsində Ağdam rayonu, Evoğlu kənd sakini 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu həlak olub.

Növbəti gün - sentyabrın 29-da saat 12 radələrində Ağdam rayonu Qaradağlı kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu yaşadığı evin həyətyanı sahəsində olduğu zaman erməni silahlı qüvvələrinin atəş açması nəticəsində qəsdən öldürülüb.

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində oktyabrın 1-də saat 13 radələrində Ağdam rayonunun Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürşüd Rəşid oğlu və oğlu, 1996-cı il təvəllüdlü Samir Məmmədov həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib.
Düşmənin oktyabrın 5-də Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv atəşə tutması nəticəsində 1954-cü il təvəllüdlü Rəhimov Eyvaz Musa oğlu həlak olub, rayonun Üçoğlan kənd sakini 1971-ci il təvəllüdlü Səfərov Mehman Ağalar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Oktyabrın 7-də Ermənistan silahlı qüvvələri ağır artilleriyadan Ağdam rayonunu növbəti dəfə müxtəlif istiqamətlərdən atəşə tutub. Rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini, 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olub, evə külli miqdarda ziyan dəyib.

Oktyabrın 10-da saat 19 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulub, top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Gündüz Taryel oğlu həlak olub.

Ümumiyyətlə, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Ağdam rayonunu mütəmadi olaraq müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutmaqda davam edib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq dinc sakinlərin yaşadığı Gəncə, Bərdə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlərdən və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12.292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1.018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub.

Ermənistanın hərbi qüvvələrinin müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atması, ağır artilleriya zərbələri endirməsi nəticəsində mülki insanları qətlə yetirməsi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

İnanırıq ki, tezliklə ədalət bərqərar olacaq və erməni cəlladları Gəncədə və digər şəhər və rayonlarımızda mülki əhaliyə qarşı törətdikləri dəhşətli qırğınlara görə layiqli cəzalarını alacaqlar.

Ağdamda erməni terrorunun qurbanları:
Mənbə: Azərbaycan Respublikasının Baş Prokurorluğu

7 oktyabr 2021-ci il


Oxumağı tövsiyə edirik: