2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən başlayaraq ağır məğlubiyyətə uğrayan ermənilər təxribatlara əl atdılar.

Ermənistanın siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutdular.


Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə məruz qalan rayonlarımızdan biri də cəbhə bölgəsinin yaxınlığında yerləşən Bərdə rayonudur. Bərdə rayonu 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb.

2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak olub, 6 nəfər yaralanıb, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Oktyabrın 8-də Ermənistan silahlı qüvvələri Bərdə şəhərini və rayonun kəndlərini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutub. Bərdə rayonunun Qasımbəyli kəndinə atılan raketin təsirindən dərinliyi 10 metrə çatan çuxur yaranıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Oktyabrın 27-də rayonun Qarayusifli kəndinin atəşə tutulması nəticəsində 5 nəfər dinc sakin həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Oktyabrın 28-də isə təşkil olunan ikinci hücumun nəticələri daha ağır olub. Həmin gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 22 nəfər həlak olub, 8-i uşaq, 15-i qadın olmaqla 80 nəfərdən artıq insan yaralanıb. Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəyib.
Noyabrın 7-də düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonunun Yeni Əyricə kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.

Ümumilikdə Bərdə rayonunda törədilən terrorlar nəticəsində 29 nəfər həyatını itirib, 108 nəfər yaralanıb. Bundan əlavə rayonun təsərrüfatına, yaşayış binalarına ciddi ziyan dəyib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq dinc sakinlərin yaşadığı Gəncə, Bərdə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlərdən və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12.292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1.018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub.

Ermənistanın hərbi qüvvələrinin müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atması, ağır artilleriya zərbələri endirməsi nəticəsində mülki insanları qətlə yetirməsi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

İnanırıq ki, tezliklə ədalət bərqərar olacaq və erməni cəlladları Gəncədə və digər şəhər və rayonlarımızda mülki əhaliyə qarşı törətdikləri dəhşətli qırğınlara görə layiqli cəzalarını alacaqlar.

Bərdədə erməni terrorunun qurbanları:
Mənbə: Azərbaycan Respublikasının Baş Prokurorluğu

7 oktyabr 2021-ci il


Oxumağı tövsiyə edirik: