Ümumiyyətlə, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunu mütəmadi olaraq müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutmaqda davam edib.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq dinc sakinlərin yaşadığı Gəncə, Bərdə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlərdən və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12.292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1.018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub.
Ermənistanın hərbi qüvvələrinin müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atması, ağır artilleriya zərbələri endirməsi nəticəsində mülki insanları qətlə yetirməsi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.
İnanırıq ki, tezliklə ədalət bərqərar olacaq və erməni cəlladları Gəncədə və digər şəhər və rayonlarımızda mülki əhaliyə qarşı törətdikləri dəhşətli qırğınlara görə layiqli cəzalarını alacaqlar.