2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən başlayaraq ağır məğlubiyyətə uğrayan ermənilər təxribatlara əl atdılar.

Ermənistanın siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutdular.


Ermənistan silahlı qüvvələri tərəfindən raket və artilleriya atəşinə məruz qalan rayonlarımızdan biri də cəbhə bölgəsinin yaxınlığında yerləşən Tərtər rayonudur. Düşmən Tərtərə ilk zərbəni müharibənin ikinci günü - sentyabrın 28-də endirdi. Belə ki, həmin gün erməni qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutdular. Bombardman nəticəsində dörd mülki şəxs – 1977-ci il təvəllüdlü Əliyev Mehman Sovet oğlu, 1981-ci il təvəllüdlü Əsədov Sabit Usub oğlu, 1987-ci il təvəllüdlü Abbasov Elşən Asif oğlu və 1981-ci il təvəllüdlü Abbasov Xaliq Asif oğlu həlak oldu, xeyli insan isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bundan əlavə rayonun təsərrüfatına, yaşayış binalarına ciddi ziyan dəydi.

Düşmənin Tərtəri yenidən atəşə tutması nəticəsində sentyabrın 29-da 1965-ci il təvəllüdlü Mehtiyeva Ayna Məhəmmədəli qızı, sentyabrın 30-da 1987-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğlu, oktyabrın 1-də 1983-cü il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu, oktyabrın 6-da 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu, oktyabrın 14-də 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu həlak olub.

Ən çox insan itkisi oktyabrın 15-də qeydə alınıb. Belə ki, həmin gün Ermənistan silahlı qüvvələrinin Tərtər rayonu ərazisində yerləşən qəbiristanlığı dəfn mərasimi zamanı qəsdən ağır artilleriyadan intensiv atəşə tutması nəticəsində həmin vaxt orada olan dörd nəfər şəhər sakini – 1960-cı il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu, 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu və 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu həyatını itirib, daha dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Bu vandalizm aktı nəticəsində, həmçinin qəbiristanlıqda bir neçə məzar dağılıb, dəfn mərasimində iştirak edən sakinlərin avtomobillərinə ciddi ziyan dəyib.
Terror aktlarını növbəti günlərdə də davam etdirən erməni silahlı qüvvələri oktyabrın 20-də Tərtər rayonunun Cəmilli kəndinin sakinləri 1985-ci il təvəllüdlü Quliyev Anar Tofiq oğlu və 1997-ci il təvəllüdlü İsaxlı Anar Rəsul oğlunu, oktyabrın 24-də isə Kəbirli kəndinin sakini 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlunu qətlə yetiriblər.

Ümumilikdə düşmənin Tərtəri bombalaması nəticəsində 17 mülki şəxs həlak olub, 60-dan çox insan isə yaralandı. Minlərlə rayon sakini evlərini tərk edərək qonşu rayonlara köçməyə məbur olub.

Verilən məlumata görə, müharibə başlayan gündən 29 oktyabr tarixinə qədər erməni silahlı qüvvələri Tərtər rayonu ərazisinə bəzi günlərdə 2 mindən çox olmaqla ümumilikdə 16 mindən çox top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıblar. Bunun nəticəsində 133 ev tamamilə dağıdılıb, 873 ev, həmçinin 14 məktəb, 3 xəstəxana və 18 dövlət binası qismən ziyan görüb. Ümumilikdə bombardmanlardan 4 minə yaxın mülki obyektə müxtəlif dərəcəli zərər dəyib.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq dinc sakinlərin yaşadığı Gəncə, Bərdə, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlərdən və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12.292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1.018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub.

Ermənistanın hərbi qüvvələrinin müharibə qanunlarını pozaraq dinc sakinlər yaşayan şəhərlərə və kəndlərə raketlər atması, ağır artilleriya zərbələri endirməsi nəticəsində mülki insanları qətlə yetirməsi bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın işğalçı və təcavüzkar mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq və milli qanunvericiliyə əsasən təqsirkar şəxsərin məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq olunması məqsədilə beynəlxalq qurumlara müraciət edilməklə mümkün olan bütün tədbirlər görüləcək.

İnanırıq ki, tezliklə ədalət bərqərar olacaq və erməni cəlladları Gəncədə və digər şəhər və rayonlarımızda mülki əhaliyə qarşı törətdikləri dəhşətli qırğınlara görə layiqli cəzalarını alacaqlar.

Tərtərdə erməni terrorunun qurbanları:
Şəhər, rayonSoyadı, adı, atasının adıTəvəllüdü Hadisənin baş verdiyi tarix və şərait
TərtərƏliyev Mehman Sovet oğlu 04.09.197728.09.2020-ci il tarixdə Tərtər şəhəri Tərtər rayon məhkəməsinin qarşısında düşən mərminin partlaması ilə qəsdən öldürülmüşdür.
Tərtər Əsədov Sabit Usub oğlu22.07.1981 28.09.2020-ci il tarixdə Tərtər rayonu Şıxarx qəsəbəsinə küçəyə düşən mərminin partlaması nəticəsində qəsdən öldürülmüşdür.
TərtərAbbasov Elşən Asif oğlu 04.10.198728.09.2020-ci il tarixdə Tərtər rayonu Şıxarx qəsəbəsinə küçəyə düşən mərmi partlaması nəticəsində qəsdən öldürülmüşdür.
TərtərAbbasov Xaliq Asif oğlu 24.07.198128.09.2020-ci il tarixdə Tərtər rayonu Şıxarx qəsəbəsinə küçəyə düşən mərminin partlaması nəticəsində qəsdən öldürülmüşdür.
Tərtər Mehtiyeva Ayna Məhəmmədəli qızı20.06.1965 29.09.2020-ci il tarixdə Tərtər şəhərində Ü.Hacıbəyov küçəsində yaşadığı evə düşən mərminin partlaması nəticəsində qəsdən öldürülmüşdür.
Tərtərİbrahimov Şahin Mahmud oğlu 24.12.1987 30.09.2020-ci il taricxdə saat 08 radələrində Tərtər şəhəri Aliağa Vahid küçəsində Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin inzibati binasının qarşısında düşən mərminin partlaması nəticəsində qəsdən öldürülmüşdür.
Tərtər Əliyev Müzəffər Əli oğlu27.08.1971 30.09.2020-ci il tarixdə saat 08 radələrində Tərtər şəhəri Aliağa Vahid küçəsində Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin inzibati binasının qarşısında düşən mərminin partlaması nəticəsində qəsdən öldürülmüşdür.
Tərtər Həsənov Zabil Məhəmməd oğlu 01.06.198301.10.2020-ci il tarixdə Tərtər şəhər avtovağzalının inzibati binasına mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
TərtərMəmmədov Həsən Asif oğlu 01.02.1981 06.10.2020-ci il tarixdə Tərtər rayonu Dördyol qəsəbəsində mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
Tərtər Axundov Ədavət Zahid oğlu 01.05.196914.10.2020-ci il tarixdə saat 08 radələrində Tərtər rayonu Narlıq qəsəbəsində yaşadığı evə mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
TərtərRüstəmov Vasif Bahadur oğlu 07.03.1960 15.10.2020-ci il tarixdə saat 13 radələrində Tərtər şəhərində yerləşən şəhər qəbiristanlığının qarşısına mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
TərtərOrucov Pərviz Novruz oğlu 10.06.1989 15.10.2020-ci il tarixdə saat 13 radələrində Tərtər şəhərində yerləşən şəhər qəbiristanlığının qarşısına mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
TərtərZamanov Şakir Xasay oğlu 25.04.1988 15.10.2020-ci il tarixdə saat 13 radələrində Tərtər şəhərində yerləşən şəhər qəbiristanlığının qarşısına mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
TərtərƏmirov İsgəndər Yelmar oğlu 18.02.1967 15.10.2020-ci il tarixdə saat 13 radələrində Tərtər şəhərində yerləşən şəhər qəbiristanlığının qarşısına mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
Tərtər Quliyev Anar Tofiq oğlu 23.05.198520.10.2020-ci il tarixdə Tərtər rayonu Cəmilli kəndində yaşadığı evə mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
Tərtər İsaxlı Anar Rəsul oğlu 30.05.199720.10.2020-ci il tarixdə Tərtər rayonu Cəmilli kəndində yaşadığı evə mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
Tərtər İsmayılzadə Orxan Rəhbər oğlu 02.04.200424.10.2020-ci il tarixdə Tərtər rayonu Kəbirli kəndində mərminin düşərək partlaması nəticəsində qəsdən öldürülmüşdür.
Mənbə: Azərbaycan Respublikasının Baş Prokurorluğu

7 oktyabr 2021-ci il


Oxumağı tövsiyə edirik: