2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin ilk günündən başlayaraq ağır məğlubiyyətə uğrayan ermənilər təxribatlara əl atdılar.

Ermənistanın siyasi və hərbi rəhbərliyi döyüş meydanındakı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən, mülki əhalinin yaşadığı şəhər və rayonlarımızı müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutdular.

Ermənistan hakimiyyətinin tapşırığı əsasında düşmən ölkənin silahlı birləşmələri tərəfindən Gəncə, Bərdə, Tərtər, Yevlax, Beyləqan, Qəbələ, Goranboy, Ağcabədi, Ağdam, Mingəçevir, Xızı və digər şəhər və rayonlarımızda sözün həqiqi mənasında insanlığa qarşı cinayətlər törədildi.

Baş Prokurorluğun məlumatına görə, İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx yaşadığı şəhər və rayonları ballistik raketlərdən və ağır artilleriya silahlarından atəşə tutması nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, bir xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub.


Düşmənin xain hücumlarından ən böyük ziyan Azərbaycanın ikinci böyük şəhəri olan, cəbhə bölgəsindən xeyli aralı yerləşən Gəncə şəhərinə dəyib. Ümumilikdə İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib.
Ermənilər ilk dəfə Gəncəyə 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində raket atıblar. Düşmənin atdığı raketlər Gəncədə mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb. Nəticədə bir mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı şəhərin infrastrukturuna və qədim tarixi tikililərə də ziyan dəyib. Bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.

İkinci raket hücumu 5 oktyabrda baş verib. Ermənistan ərazisindən atılan raket Gəncənin "Grand Qafqaz" Ticarət Kompleksinə düşüb. Nəticədə 3 mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Oкtyabrın 8-də Gəncəyə üçüncü dəfə hücum olub. Bu gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi. Nəticədə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Cəbhə bölgəsində məğlub olduğu üçün daha da azğınlaşan düşmənin Gəncəyə 4-cü və 5-ci hücumlarının nəticələri daha ağır olub. Oktyabrın 11-də gecə saatlarında dördüncü dəfə Gəncəni hədəfə alan ermənilərin şəhəri "Skad-B" ballistik raketi ilə atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla 40-dək insan yaralanıb. Ondan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Ermənistan silahlə qüvvələrinin Gəncəyə ən dəhşətli hücumu oktyabrın 17-də baş verib. Həmin gün gecə saat 01:00 radələrində Ermənistan silahlı qüvvələrinin "Skad" ballistik raketləri ilə Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində 15 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb. Həlak olanlardan 6-sı kişi, 4-ü qadın, 5-i isə azyaşlıdır. Eyni zamanda hücum zamanı xeyli sayda yaşayış evinə və digər tikililər ciddi ziyan dəyib.

Rəsmi məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin Gəncəni atəşə tutması nəticədə ümumilikdə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

İşğalçı ölkə Gəncəni bir neçə dəfə raket atəşinə tutmaqla əvvəlki illərdə olduğu kimi dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri, bəyanatları və çağırışları heçə sayıb, beynəlxalq humanitar qanunu, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasını kobud şəkildə pozub. Bunun isə tək səbəbi indiyə kimi Ermənistanın cəzasız qalması və işğalçı ölkəyə qarşı hər hansı bir beynəlxalq sanksiyanın tətbiq olunmamasıdır.

Ermənistanın Gəncəyə ilk hücumundan sonra ciddi beynəlxalq təzyiq və tənqidlə üzləşməməsi düşmənin daha da azğınlaşmasına gətirib çıxartdı.

Gəncədə erməni terrorunun qurbanları:
Mənbə: Azərbaycan Respublikasının Baş Prokurorluğu

7 oktyabr 2021-ci il


Oxumağı tövsiyə edirik: