X.Şahnəzərov hadisə gününü belə xatırlayır:
"Hadisə baş verən gün təxmini gecə saat 2-yə işləyərdi, dostumla evdə ikimiz qalırdıq. Birdən səslər gəlməyə başladı. Kəlmeyi-şəhadətimi oxudum, fikirləşdim ki, birdən raket olar, gəlib bizim evə düşər. Səslər çoxalmağa başlayanda tez qardaşımı yığdım, zəng çatırdı, amma açmırdı. Sonra yoldaşını yığdım, ona da zəng çatmadı. Dostuma dedim birdən biz tərəfə düşər, yığıram açmırlar.
Bir az sonra uşaqlıq dostum zəng etdi, evimizdə kimin qaldığını soruşdu. Dedim ki, qardaşım, ailəsi oradadı. Raketin bizim evə düşüb-düşmədiyini soruşdum. Dedi narahat olma, idman məktəbinə düşüb,amma sən özün gəl bura. Təcili ora getdik.
Çatanda gördük ki, göz-gözü görmür, düz evin yanından tüstü qalxır. Yaxınlaşdım gördüm ki, qardaşımın və onun həyat yoldaşının bədənlərinin müəyyən hissələri yerdədir. Biz tapdıqca Fövqəladə Halların işçiləri qalıqları toplayırdılar".