Hadisənin baş verdiyi gündən danışan ananın sözlərinə görə, həmin gün səhər tezdən Orxanın babası zəng edib uşaqları yuxudan oyatmağımızı istədi:
"Gəlib Muradı oyatdım, Orxan dedi ana, get, mən də gəlirəm. Yemək yedilər, bunların getməsindən heç 10 dəqiqə keçmədi atışma başladı. Gördüm ki, möhkəm gurultu səsi gəldi. Çıxdıq çölə, dedilər hərbi hissənin yanına raket düşüb. Hərbi hissənin yanına gedəndə raketin ora düşmədiyi, Kəbirli kəndinə düşdüyü deyildi.
Az sonra zəng elədilər ki, raket bacım qızının həyətinə düşüb. Qonşunun maşını var idi, məni mindirdi maşına, getdik Kəbirliyə. Gedəndə böyük oğlum, qardaşım və bacım oğlu qarşımıza çıxdı. Üçü də ağlaya-ağalaya gəlirdi. Niyə ağladıqlarını soruşanda cavab verdilər ki, Orxana qəlpə dəyib. Böyük oğlum dedi ki, getdik sexə, oradan da karalyokluğa getdik, Orxan ağacda qalan karalyoku qıranda qəlpə dəyib. Qəlpə arxa hissəsindən girib, sinəsindən çıxıb. Əvvəl mənə dedilər yaralanıb. Getdik Bərdəyə, kanalın üstünə çatanda atam yeznəmizə zəng etdi ki, qayıdın, gəlirik. Məni aldatdılar ki, Orxanın vəsiqəsi lazımdı. Evə gələndə gördüm ki, camaat qapıya yığışıb, Orxan şəhid olub".
Aynurə xanım deyir ki, Orxanla sirləri bir idi, hər şeyi onunla bölüşərdi:
"İkimizin sirrimiz bir idi, heç bir zaman sirr verməzdi. Mənim heç bir sözümü danışmazdı, məndən ayrı durmazdı. Orxan həyətdə işləyirdi. Şəhid olmamışdan bir neçə gün əvvəl atası ilə birlikdə həyəti bellədi, ağacları suladı. Həyətdə işləməyi sevirdi. Bütün ağaclara baxırdı, alçanı xoşlayırdı. Deyirdi gələn il bu həyətdən çoxlu məhsul əldə edib satacayıq. Ağaclara vaxtı-vaxtında qulluq edirdi. Həyətdə ot vuranda ketmanı götürüb gəlirdi, deyirdi "mama sənin başın ağrıyır, mən edərəm". Çox qoçaq uşaq idi.