Nəvələri haqqında danışan babanın sözlərinə görə, Orxanla Məryəm çox istiqanlı uşaqlar idi:
"Sözəbaxan, mərifətli uşaqlar idi. Orxan 2009-cu ildə, Məryəm isə 2014-cü ildə Sumqayıt şəhərində anadan olub. 2017-ci ildən mənim yanımda olublar. Bir yerdə qalırdıq, 8 nəfər idik. İki evdə yaşayırdıq. Biri partlayışın olduğu ev, digəri isə mənim yatdığım ikimərtəbəli ev.
Orxan böyüyəndə həkim olmaq fikrindəydi, o biri babası da həkimdi. Məryəm də hələ balaca idi, birinci sinfə gedirdi. Böyük nəvəm Ləman isə 11-ci sinfi bitirmişdi, işini dizaynerliyə vermişdi, o da qəbul olunmuşdu, yarımçıq qaldı".
Babası Məryəmin istəyini yerinə yetirmədiyi üçün özünü günahlandırıb:
"Yatmamışdan əvvəl Məryəm məndən nar istədi, dedi baba, mənə nar al. Saat 10 idi, gec olduğu üçün sabah alacağımı dedim. Ondan sonra da bir az oturduq yemək yedik, televizora baxdılar. Mən getdim yatmağa, onların nə vaxt yatmağından xəbərim olmadı. Mən gedəndə onlar oturub televizora baxırdılar. Mən yuxuda olanda həmin dəhşətli hadisə baş verdi".