Südabə xanım deyir ki, Nigar bağça müəllimliyini oxuyacaqdı: "Gözəllik salonunda işləməyə də həvəsi var idi. İnternetdə koreyalılara baxırdı, ora meyilli idi. "Xarici ölkədə gözəllik salonu açaram, tanınmış aktrisaların, müğənnilərin saçlarını düzəldərəm. Hər gün fərqli saç düzümlərinə, makiyajlara baxırdı, o da elə bəzəmək istəyirdi. "Televiziyaya çıxacam, sənə çox kömək edəcəm, həm ali təhsilim olacaq, həm də salon işlədib sənə kömək edəcəm" - deyirdi Nigar.
Bu həvəsini görüb onu təzəliklə kursa qoymuşdum. Cəmi 1 həftə getdi, sonra ermənilər Azərittifaqın binasına raket atdılar və kurs da bağlandı. Balam istədiyi iş üzrə kursa cəmi 1 həftə gedə bildi, sonra da raket bizim küçəyə düşdü. Oktyabrın 1-dən kursa gedirdi, 17-də belə bir hadisə baş verdi".
Qızı ilə sonuncu dəfə görüşünü xatırlayan ana göz yaşlarına hakim ola bilmir:
"Qızımla canlı görüşüm bir il bundan əvvəl olub. Bakıya getdik, gözəl günlər keçirdik, dənizə getdik, restorana getdik. Onun səs yazıları da durur. Deyirdi ki, keçən il səninlə necə gəzdik, çox yorulmuşdum, indi də istəyirəm ki, sən yanımda olmasan da rəfiqələrimlə də elə gəzim.
Nigar "Yenə həmin günləri yaşamaq istəyirəm, amma heyif ki, sən yanımda olmayacaqsan" deyirdi. Bu il qismət olmadı, arzusu gözündə qaldı balamın".