Atasının sözlərinə görə, Fərid şəhəri xoşlamırdı, kənddə yaşamaq istəyirdi.
"Hadisədən əvvəl Bakıya gedirdim, dedim gəl mənimlə gedək, istəmədi. Hadisə baş verən zaman hamı kəndin yaxınlığındakı kafenin yanına toplaşmışdı. Atışma olanda Fərid gedib girib kafeyə, elə həmin an da raket kafeyə düşüb.
Fərid valideynlərinə bağlı uşaq idi. Məndən, anasından icazə almadan evdən çölə çıxmazdı. Özü özünü istədirdi, çox ağıllı idi, şükür edirdim ki, belə bir övladım var. Kənd yeri oluğundan odunla, mal-qara ilə məşğul olurdu".
Atası deyir ki, Fərid məktəbdə də seçilirdi:
"Müəllimləri Fəriddən çox razı idi. Deyirdilər ki, Fərid həm tərbiyəsinə, həm də oxumağına görə seçilirdi. Müəllimləri Fəridi öz balaları qədər çox istəyirdi. Hər səhər duranda üstündə dururdum ki, həyətdəki turnikdən çəkinsin. Turnikdən çox çəkinməsini istəyirdim ki, boyu uzun olsun. Çünki polis olmaq istəyirdi, bunun üçün də boyu hündür olmalı idi. Ağdamın Quzanlı kəndinə idmana gedirdi".
Kənd təsərrüfatına da meyilli olan Fərid mal-qaranın sayını artırmaq, yeni tövlə tikmək istəyirdi:
"Deyirdi oxuyacam, maşın alacam, evimi düzəltdirəcəm. Oxuyub gələndən sonra mal-qaranın sayını artıracam, böyük tövlə tikəcəm. Görürdüm ki, marağı var. Evin kiçiyi olsa da ərkəsöyünlüyü yox idi. Bir ağsaqqal kimi nə deyirdimsə hamısını yerinə yetirirdi.
Təxmini 5-6 ay əvvəl Fəridlə birgə Bakıya bacımgilə getmişdik. Orada çox gəzdik. Tərbiyəli idi. Ona məsləhətlər verirdim ki, yaxşı dostların olsun, böyük kiçiyin yerin bil. Deyirdim nə qədər ağıllı olsan hörmətin bir o qədər artıq olar. Həqiqətən elə idi".
Dilafət dayının sözlərinə görə, kənddə atışma səsləri tez-tez eşidilsə də, Fəriddə heç bir qorxu yox idi:
"Fəridin hərbiyə, döyüşməyə də həvəsi var idi. Ordumuz qələbələr qazananda çox sevinirdi. Televizorda deyirdilər ki, Füzuli işğaldan azad olunub, qaçıb gəlib mənə deyirdi ki, ata Füzulini aldılar".