Həyata bağlı bir uşaq
17.12.2019 – 17.10.2020

10 ay

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində ermənilər cəbhədə məğlubiyyətə uğradıqları üçün təxribatlara əl atdılar.

Onlar cəbhədən kənarda yerləşən, mülki əhalinin yaşadığı Azərbaycan şəhərlərinə raketlərlə atəş açmağa başladılar.

Baş Prokurorluğun 2020-ci il noyabrın 16-da açıqladığı rəqəmlərə görə , Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket atəşi nəticəsində 93 dinc sakin həlak olub, 454 nəfər isə yaralanıb.

Ermənilərin Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində həlak olanlar arasında azyaşlı uşaqlar da var.

Müharibə dövründə erməni caniləri Azərbaycanın ikinci böyük şəhəri, cəbhə bölgəsindən xeyli aralı yerləşən Gəncə şəhərini bir neçə dəfə artilleriya atəşinə tutdular. Bunlardan ən dəhşətlisi 17 oktyabr tarixində baş verdi. Düşmənin silahlı qüvvələrinin gecə saat 01:00 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində 15 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Həlak olanlardan 6-sı kişi, 4-ü qadın, 5-i isə azyaşlıdır.

Həmin dəhşətli hadisənin günahsız qurbanlarından biri də 10 aylıq körpə Narin Xaliqovadır. Erməni vəhşiliyi nəticəsində Narinin anası, babası, dayısı və xalası qızı da həlak olublar.

Narinin nənəsi Silduz Əsgərova isə dağıntılar altından sağ çıxarılıb. Onu da qeyd edək ki, 10 aylıq Narin anası Sevil Əsgərova ilə bir məzarda dəfn olunub.

5 illik həsrətdən sonra dünyaya gələn Narin...
Narin Teymur qızı Xaliqova
Narinin nənəsi Silduz Əsgərova həmin dəhşətli gecəni belə xatırlayır:

"Hadisənin baş verdiyi gün təxminən saat 12-yə 10 dəqiqə qalmış yatmağa getdik. Yatmamışdan qabaq nəvələrimdən qorxub qorxmadıqlarını soruşdum. Cavab verdilər ki, qorxmuruq. Narin hələ oynayırdı, yatmaq istəmirdi. Anasına dedim ki, qoy oynasın, yorulanda aparıb yatızdırarsan. Narin çox şən, gözəl bir uşaq idi. "Xadunoku" sürüb gedirdi babasının yanına. "Baba, baba" deyəndə kişi yuxudan durub otururdu, deyirdi ki, Narin sən məni istəmişdin? Qucağına alıb əzizləyərdi.

Narin 2019-cu ilin 17 dekabrında anadan olub. Anadan olan zaman həkim bizə gözaydınlığı verdi ki, qızınızın 3 kilo nurtopu kimi qızı oldu. Çox sevindik, sevincimizin həddi-hüdudu yox idi. Yoldaşım 3 il idi ki, insult keçirmişdi. Narin dünyaya gələndən sonra kişi sağlamlaşdı, mənim özüm şəkər xəstəsiyəm, bütün xəstəliklərimi unutdum. Elə bil bu uşaq bizə Allahdan hədiyyə idi, 5 ildən sonra bizə hədiyyə verilmişdi.

Qızım övladından bir saniyə də ayrı dura bilmirdi. Deyirdi ki, Narin mənim həyatımdı, 5 ildən sonra onu tapmışam, atası da onun kimi. Nigar da Narin olan gündən onu saxlayıb. Atası yoldaşına deyirdi "Sevil, sənin uşağın olmasına baxma, Nigar (Narinin xalası qızı – red.) Narini tez sakitləşdirir. Mələk üzlü balalarım idi. Hadisədə ailəmizdən 5 nəfər şəhid oldu. Şəhid olan oğlumun 2 uşağı qaldı. Heç ağlımıza gəlməzdi ki, evimizə raket düşə, həyatımız alt-üst ola. Ora bizim ata-baba yurdumuz idi".

Ermənilər balalarımı aldı...
"Sağ qoluma qıyardım, amma nəvələrimə yox" – deyən nənə sözlərinə davam edir:

"Narinin atası da bu günə kimi ağlayır, ailəsi dağıldı. Şəhid olanların beşi də bir-birini çox istəyirdilər. Elə bil ailəmiz bölündü, yarısı da pis gündə qaldı. Nigar deyirdi mən bağça müəlliməsi olacam, mən də deyirdim ki, qız üçün ən yaxşı peşə müəllimlikdi. "Ay nənə, işə gedəndə Narini də aparacam" deyirdi Nigar.

Narin doğulandan onun hər aylığını keçirirdik. İki aydan sonra 1 yaşı olacaqdı. Fikrimiz var idi ki, oktyabrın 17-si Narinin 10 aylığı ilə bağlı süfrə açaq, 18-də isə Nigar üçün. Ermənilər balalarımı aldı. Allah heç kimə bala dağı göstərməsin. Azərittifaqa raket düşəndə televizorda baxırdım, gözümün yaşını saxlaya bilmirdim, çox pis təsir elədi".

Silduz xanım deyir ki, evlərinə raket düşməsi heç ağıllarına gəlməzdi:

"Televizorda hadisədən sağ çıxan uşaqlara baxırdıq, ata anası ölən uşaq deyir ki, nə yaxşı bacım qalıb. Uşaq bacısı ilə nəfəs alır, atamla anam yoxdur, amma bacım qalıb. Fikirləşirdim ki, görəsən nə olacaq. Dua edirdim ki, Gəncəyə raket atmasınlar, uşaqlar qorxur.

Azərittifaqın binasına raket düşən günün səhəri uşaqları göndərdim, gəlin anası gilə apardı. Deyirdi, balaca oğlu raket səslərindən qorxub. Heç ağlımıza gəlməzdi ki, bizim də evimizə raket düşə. Oğlumun azyaşlı övladı gəlir atasının şəklinə baxır, "dədə, dədə" deyir. Ermənilər bizə zülm etdi, balalarımızı əlimizdən aldı. Şirin yuxunun içində nə biləsən ki, nə baş verəcək. Evimiz necə uçub, bizi necə xəstəxanaya aparıblar xəbərimiz olmayıb".

Oxumağı tövsiyə edirik: