"Biz Laçından məcburi köçkünük" – deyə, Gülmalı Rəhimov əlavə edir:
"Burada doğulan uşaqlar o əraziləri görməyib. Amma onların hamısının arzusu yurdumuza qayıtmaqdır. Şahmalı da Laçına getməyi çox arzulayırdı. Arzusu hərbçi olmaq idi, şəhərə getmək istəmirdi, ancaq Laçına getmək istəyirdi. Ölkəmizin hər qarışı bizim üçün əzizdir, amma əslinin olduğu rayon, doğulduğun yer daha əzizdir. Uşaqlar da böyüklərinin dediklərini eşitmişdilər, təsvir olunan ərazilər uşaqlarda maraq yaradırdı".
G.Rəhimov deyir ki, Şahmalı hamıya təmənnasız yardım etməyi sevirdi.
"Tanıdığı, tanımadığı, böyük-kiçik ayırmadan kimə lazım idisə kömək edirdi. Onun elə bir xasiyyəti var idi. Ona görə də onun şəhid olması hamını sarsıtdı, kədərləndirdi. Mən Şahmalının həm də müəllimi idim. Əmi kimi ondan çox razı idim, böyük-kiçik yeri bilən idi. Müəllim kimi də ondan razı idim. Uşaq idi, dəcəlliyi olur, amma dərslərinə müntəzəm gedərdi, çalışardı, yaxşı oxuyan idi. Heç kimlə işi yox idi, dava-dalaşdan uzaq durardı. Məktəbdə yazılı müsahibələr götürürdük, hər müsahibəsində o hərbçi olmaq istəyini vurğulayırdı. Yəqin televizorda qəhrəmanları görmüşdü, ata babasının torpağının illərlə işğalda qalması onun hərbçi olmaqla bağlı fikirlərinə təsir edirdi".