Bu hesabatın hazırlanmasında məqsəd 27 sentyabr 2020-ci il tarixindən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə edilən hücumlar nəticəsində baş vermiş uşaq itkiləri ilə bağlı faktlar və sübutları beynəlxalq ictimaiyyətə, xüsusilə də beynəlxalq insan hüquqları təşkilatlarına təqdim etməkdir.
Təqdim olunan hesabat Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın insan hüquqlarının kobud şəkildə pozulması faktlarını yerində araşdırmaq məqsədi ilə həyata keçirdiyi 6 faktaraşdırıcı missiyasının nəticələrinə əsaslanır.
Bu hesabat beynəlxalq ictimaiyyəti təcili şəkildə məsələyə münasibət bildirməyə, insan hüquqları pozuntularının dayandırılması üçün lazımi addımların atılmasına çağırır.
27 sentyabr 2020-ci il tarixində atəşkəs rejimini açıq şəkildə pozan Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrinin bölmələrini, həmçinin Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının əhalinin sıx yaşadığı yaşayış sahələrini qəsdən və məqsədli olaraq intensiv şəkildə artilleriya atəşinə tutmuşdur.
Növbəti günlərdə Şəmkir, Beyləqan, Yevlax, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Gəncə və digər şəhər və rayonlarımız orta mənzilli raketlərlə ağır bombardmana məruz qalmışdır.
Nəticədə qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslər arasında çoxsaylı itki baş vermiş, bir çox yaşayış evlərinə və digər mülki infrastruktur obyektlərinə böyük ziyan dəymişdir.
Ümumilikdə ağır artilleriya hücumları nəticəsində 12-si uşaq olmaqla 90-dan çox mülki şəxs həlak olmuş, 50-si uşaq olmaqla 450-dən çox şəxs isə yaralanmışdır. Bu hücumlar nəticəsində 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da daxil olmaqla 512 mülki infrastruktur dağıdılmışdır.
Tədqiqatın metodları aşağıdakı kimidir:
1. Ombudsman tərəfindən birbaşa olaraq yerində aparılan araşdırma.
2. Ombudsman Aparatının əməkdaşları tərəfindən aparılan araşdırma.
3. Ermənistanın hərbi hücumlarından zərər çəkən mülki şəxslərin müraciətlərinə cavab.
4. Etibarlı informasiya mənbələrindən istifadə.